



Sizi İKT sahəsinin əsas və gözlənilən hadisələrindən birinə - “BakuTel-2012” 18-ci Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisinə dəvət edirik. Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük forum olan “BakuTel-2012” sərgisi 2012-ci il noyabr ayının 6-dan 9-dək “Bakı Ekspo Mərkəzində” keçiriləcək. Bu il sərgidə Azərbaycan, Belarus, Böyük Britaniya, İsrail, İran, Çin, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Estoniya və ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edir. Avstriya, Kanada, Xorvatiya və Fransa isə sərgidə öz milli pavilyonları ilə çıxış edəcəklər.
“BakuTel-2012” sərgisi İKT texnologiyaları üzrə bütün aktual format və istiqamətləri nümayiş etdirməklə, ziyarətçilər üçün dolğun və rəngarəng sərgi ekspozisiyasını təmin edəcək. “BakuTel” sərgisinin bu il diqqətinizə təklif etdiyi yeniliklər arasında insanların ünsiyyəti üçün yeni-yeni imkanlar açan proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradio yayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları var. İlk dəfə olaraq, sərgi çərçivəsində istənilən ölçü və konstruksiyalı səthlərin üzərinə kompüter proyeksiyası təqdim olunacaq. Bu yeniliyi reklam və əyləncə məqsədləri üçün istifadə etmək olar. Həmçinin, müxtəlif mobil rabitə operatorlarının nömrələrinin keçirilməsi “Daşınan nömrələr” layihəsi, eləcə də təyyarələrin içində mobil rabitə üçün yeni həll variantları nümayiş etdiriləcəkdir.
Sərgidə ənənəvi olaraq bütün yerli mobil operatorlar, eləcə də mobil telefon distribütorları ən son yeniliklər və xüsusi təkliflərlə iştirak edəcəklər. Sərginin əsas mövzularından biri də elektron hökumət layihəsidir. Böyük məmnuniyyətlə qeyd etmək istərdik ki, Azərbaycanın ən iri operatoru olan Azercell şirkəti bu il sərginin baş sponsorudur. Tədbirdə identifikasiya (eyniləşdirmə) sənədləri və informasiya sistemlərini təqdim edən “Edaps” konsorsiumu “BakuTel-2012” sərgisinin platin sponsoru qismində çıxış edir.
45 nəfərlik oturacaq yerləri olan və rahat, dayanacaqsız hərəkət cədvəli üzrə işləyən komfortlu avtobuslar sizi “Bakı Ekspo” mərkəzinə rekord qısa vaxt ərzində çatdıracaq.
“Bakı Ekspo” mərkəzi şəhərin əsas nəqliyyat yolunun kənarında, şəhər mərkəzindən cəmi 10 kilometrlik məsafədə yerləşir. Müasir sürətli avtomobil yolu “Bakı Ekspo” nişanları ilə təchiz edilmişdir və bunun sayəsində siz yolu asanlıqla tapacaq, tıxaca düşməyəcək və şəhərin mərkəzindən başlayaraq bu yolu orta hesabla cəmi 15 dəqiqəyə qət edəcəksiniz. Şəxsi avtomobilinizi kompleksə bitişik dayanacaqlardan birində saxlaya bilərsiniz.
Sizi sərginin qonaqları arasında görməyə şadıq və ümid edirik ki, bu tədbiri ziyarət etməyiniz sizin üçün həm məhsuldar, həm də faydalı olacaq.
Hörmətlə,
Rəna Abutalıbova
Layihə rəhbəri
